AZ EN

Financial Market Supervisory Authority Of The Republic Of Azerbaijan

Press releases

28 october 2016, 09:45

2016-cı ilin 9 ayı üzrə ölkənin sığorta sektorunda müsbət dinamika davam edir

28 oktyabr, 2016-cı il; Bakı – Cari ilin 9 ayı  ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 milyon manat və ya  15,1% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 31% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 9 ayı ərzində  könüllü sığorta növləri üzrə haqlar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8 və 125,4 milyon manat təşkil etmişdir. İcbari sığorta növləri üzrə haqlar 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 və 41,5 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 milyon manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artmışdır. Həyat sığortasındakı yığımların 52,7% və ya 61 milyon manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artmışdır.

Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlərin həcmi isə 1% artmışdır. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artmışdır. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməmiş və sığorta ödənişləri edilməmişdir.

Cari ilin 9 ayı  ərzində ümumi ödənişin 75,1% könüllü sığorta növlərinin, 24,9% isə icbari sığorta növlərinin payına düşüb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə 37,6 manat təşkil etmişdir.

Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapmışdır.

Sığorta şirkətləri üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində hesablanmış sığorta haqları və sığorta ödənişləri
Sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində hesablanmış sığorta haqları və sığorta ödənişləri 
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fmsa.az ünvanına müraciət edə bilərlər.


 

See others »